Xəzər Xəbər

Dərnəgülün taxta bazarında baş verən yanğına görə cinayət işi açılıb BİRGƏ MƏLUMAT

Hadisə | 10:38 • 23 Noyabr 2023
Dərnəgülün taxta bazarında baş verən yanğına görə cinayət işi açılıb

Bakıda inşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar