Xəzər Xəbər

İlin ən böyük Super Ay hadisəsi müşahidə olunub

Hadisə | 07:46 • 31 Avqust 2023
İlin ən böyük Super Ay hadisəsi müşahidə olunub
2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Xezerxeber.az-a verilən məlumata görə, Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olub və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçib. Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olub. Perigeydə Aya qədər məsafə 357 181 km təşkil edib. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.

Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə edilib. Bu hadisə adi Super Ay hadisələrindən biri hesab olunur. Sadəcə Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu o demək deyil ki, mavi Ay görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək ikinci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.

Xəbər lenti