Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Xezerxeber.az-a verilən məlumata görə, may ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşı 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılmışdır.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilmişdir.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.