Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.