Bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.
Xezerxeber.az-ın məlumatına görə, Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
08:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.