Bakının Nərimanov rayonunda narkotiklərin satışı ilə məşğul olan 36, üzərində qanunsuz olaraq silah saxlayan 4, avtoyuma məntəqəsində maşından 15 min manat oğurlayan 1 nəfər tutulub.
DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Turalcan Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 3 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Turalcan Mustafayev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Ümumilikdə ilin əvvəlindən Nərimanov Rayon Polis İdarəsinin, eləcə də ərazi şöbə və bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 36 nəfər saxlanılıb. Bu şəxslərdən 9 kiloqrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitələr aşkar edilib.
Nərimanov Rayon Polis İdarəsinin, 17 və 18-ci Polis Şöbələri, eləcə də 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Fuad Musayev, Elşad Quliyev, Xəlil Xəlilov və Ələkbər Məmmədov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 18 ədəd patron, 1 ədəd “Toz-17” markalı yivli müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov da saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.
Qeyd edilən faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir.