Paytaxtın Xətai rayonunda yetkinlik yaşına çatmayan iki nəfərə qarşı soyğunçuluq edən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha üç nəfər tutulub. Araşdırma zamanı müəyyənləşdirilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər.
Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.