Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.
FHN-nin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, 2022-ci ilin doqquz ayı ərzində respublika ərazisində 14 min 544 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2021-ci ilin doqquz ayı ilə müqayisədə 1313 hadisə və ya 10 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 90 nəfər xilas edilib, 1033 nəfər təxliyə olunub.
Bu ilin doqquz ayı ərzində respublika ərazisində 83 təbii mənşəli hadisə qeydə alınıb, nəticədə 1 nəfər xilas edilib, 139 nəfər təxliyə olunub. 2022-ci ilin 9 ayı ərzində respublika ərazisində 14 min 461 texnogen mənşəli hadisə qeydə alınıb. Texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb. Bu da 2021-ci ilin doqquz ayı ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 65 faiz, xəsarət alanlar üzrə 104 nəfər və ya 66 faiz çoxdur.
2022-ci ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1713 olub. Yanğın hadisələri zamanı 42 nəfər həlak olub,178 nəfər xəsarət alıb. Bu da ötən il illə müqayisədə yanğından həlak olanlar üzrə 18 nəfər və ya 75 faiz, xəsarət alanlar üzrə 74 nəfər və ya 71 faiz çoxdur.
Cari ilin doqquz ayı ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib. Bu da 2021-ci ilin doqquz ayı ilə müqayisədə 10 hadisə və ya 18 faiz azdır. Partlayışlar zamanı 14 nəfər həlak olub, 84 nəfər xəsarət alıb və 2 nəfər xilas edilib.