Xəzər Xəbər

Bakıda iş adamını "Gelandewagen"ində güllələdilər - TƏFƏRRÜATLAR

Hadisə | 22:40 • 28 Sentyabr 2022
Bakıda iş adamını "Gelandewagen"ində güllələdilər - TƏFƏRRÜATLAR

2019-cu il iyunun 14-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində silahlı insident olur. Nəticədə ağır xəsarət alan 1972-ci il təvəllüdlü Ramiz Məmmədov 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişir.

Dərhal Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən araşdırmalara başlanılır. Məlum olub ki, mərhumu qaynı Rauf Şirinov qətlə yetirib. Həmçinin R. Məmmədov Bakıda 113 və 84 saylı xətt marşrutlarının sahibi olub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

İyunun 17-də 1974-cü il təvəllüdlü “Hozu Rauf” ləqəbli Rauf Şirinov könüllü 12-ci Polis Şöbəsinə gələrək, təslim olur.

XəzərXəbər xəbər verir ki, “lent.az” həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 13-də Ramiz Məmmədov qaynı Rauf Şirinovun yanında arvadı Məleykə Məmmədovanı nalayiq sözlərlə təhqir edib. R. Şirinov da bunu şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib. İyunun 14-ü gecə saat 1 radələrində Ramizin təsisçisi olduğu “Transkontrol” MMC-nin Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində yerləşən avtobus qarajında olduğunu bilib. Rauf 12 kalibrli “Vinçester” tipli, tüfənglə silahlanıb və sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-ML” markalı avtomobillə Ramiz Məmmədovun iş yerinə gəlib. Təmir sexlərinin qarşısında dayanmış yeznəsinə iradını bildirib və silahı ona göstərib. Ramiz Məmmədov özünə məxsus “Mercedes G 63” markalı maşına əyləşərək, həmin yerdən uzaqlaşıb. R. Şirinov da öz avtomobili ilə onu təqib edib. Ramiz Məmmədov B.Bünyatov küçəsi 71-də avtomobilini saxlayıb salondan düşmək istəyib. Bunu görən Rauf sükan arxasından düşmədən tüfəngdən ona doğru 3 dəfə atəş açıb. Nəticədə xəstəxanaya yerləşdirilən R. Məmmədov dünyasını dəyişib.

İş üzrə dindirilmiş Rauf Şirinov bildirib ki, Ramiz Məmmədov bacısı Məleykə Məmmədovanın əri olub. Yeznəsi Bakıda marşrut xətlərinin sahibi olub, bundan əlavə müxtəlif obyektləri icarəyə verib:

“Münasibətimiz elə də yaxşı deyildi. Buna səbəb də, yeznəmin maddi imkanı yaxşı olduğuna görə daim mənə yuxarıdan aşağı baxması, mənimlə daim kobud danışması idi.

Hadisəyə qədər aramızda heç vaxt dava olmayıb. Daim Ramizin mənə qarşı etdiyi kobud danışıqlara göz yumurdum. İyunun 12-də yeznəm zəng vurub mənimlə görüşmək istədiyini bildirdi.

Qara Qarayev prospektində yerləşən çayxanada görüşdük. Ordan çıxıb, maşınımıza əyləşərək Bakıxanov qəsəbəsində, istirahət parkındakı başqa çay evinə getdik. Ramiz məndən söyüşlə bacımın harda olduğunu soruşanda, evimizdə olduğunu bildirdim.

Ramiz yenə də bacım haqda təhqiramiz ifadələr səsləndirdikdə, ona cavab qaytarmadım. Bundan sonra birlikdə evə getdik. Evdə olarkən Ramiz yenə də ailə üzvlərimin yanında bacımla kobud danışdı.

Özümü toparlayıb yenə də Ramizə bir kəlmə söz demədim. Ayın 13-ü axşam saatlarında bu məsələyə aydınlıq gətirmək üçün yeznəmə zəng vurub, harda olduğunu soruşdum.

Ramiz Bakıxanov qəsəbəsində, özünə məxsus qarajda olduğunu bildirdi. Bacanağımdan etibarnamə əsasında sürmək üçün götürdüyüm “Mercedes ML” markalı avtomobillə həmin yerə getdim.

Gecə saat 1 radələrində ora çatıb, ondan nəyə görə dünən bacımı söydüyünü soruşdum. Ramiz cavabında “yaxşı” elədiyini bildirərək, məni də söydü.

Buna görə aramızda mübahisə başladı. Səsimizə Ramizin qardaşı oğlu Cavid və bacısı oğlu Elçin gəldilər. Əli ilə yeznəmin sinəsindən itələyəndə, Ramiz yumruqla üzümə vurdu. Zərbədən yerə yıxıldım. Sol gözümdən xəsarət aldım.

Şəkərli diabet xəstəsi olduğuma görə halım pisləşdi. Bir təhər ayağa qalxıb, maşının arxa saxlanc yerindən tüfəngi götürərək, Ramizə tərəf getdim və onu vuracağımla hədələdim. Cavid silahı əlimdən alıb onu avtomobilin qabaq oturacağına qoydu.

Yeznəm əsəbi halda “maşınıma minib, arxasınca gəlməyimi” deyərək, özünün “Mercedes-Benz G 63” markalı avtomobilinə əyləşdi. Təxminən 400 metr hərəkət edəndən sonra, Ramiz qəflətən maşınını avtomobilimin qabağında saxladı.

Qapını açıb düşmək istəyəndə, onun saxlanc yerindən nəsə götürmək istədiyini güman etdim. Buna görə cəld silahı əlimə aldım və düşmədən sağ pəncərədən Məmmədovun ayağına atəş açdım. Həyəcanlı olduğum üçün 2-ci atəşi necə atdığımı xatırlamıram.

Sonradan nələrin baş verdiyini, yaralıya kimlərin köməklik göstərdiyini bilmirəm. Evə gələndə arvadım üst-başımın qana bulaşdığını görüb nə baş verdiyini soruşdu. Mən də Ramizi silahla vurduğumu bildirdim.

Tüfəngi qarajda gizlədərək, çıxıb getdim və 2-3 gün küçələrdə gecələdim. Telefonumu və nömrələrimi sındırıb Mərdəkanda dənizə tulladım. İyunun 17-də qarajdan götürdüyüm silahla 12-ci Polis Şöbəsinə gələrək təslim oldum”.

Məhkəmədə Rauf Şirinov özünü qismən təqsirli bilərək, əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli Cinayət Mcəcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Şirinov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbər lenti

Çox oxunanlar