Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasında baş verən yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
XəzərXəbər xəbər verir ki, TƏBİB-dən oxu.az-a verilən açıqlamada bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Yevlax Rayon Mərkəzi Xəstəxanasına dörd nəfər yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən Yevlax Yanğından Mühafizə Hissəsinin (iki nəfər) və Yevlax Rayon Polis Şöbəsinin (iki nəfər) əməkdaşlarına ilkin tibbi yardım göstərildikdən sonra elə həmin gün də öz istəkləri ilə evə buraxılıblar.
Hazırda xəstəxanada yanğınla əlaqədar müalicə alan yoxdur.
Xatırladaq ki, yanğınla əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının üç təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Qeyd edək ki, yanğın zamanı 120 ailəyə ziyan dəyib və onlar evlərini tərk etmək məcburiyyətində qalıblar.