Bakıda marketlərdən birində məhsulları yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan və polis tərəfindən saxlanılan şəxslərdən biri - Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.
XəzərXəbər-in məlumatına görə, bir neçə gün əvvvəl marketlərin birində Bakı şəhər sakinləri R.Orucov və Xəyalə Vəliyeva marketlərdən birinə daxil olaraq qida məhsullarını qəsdən yararsız hala salıb və bu prosesi mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsləri saxlayıb, R.Orucov və X.Vəliyeva ilə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.
Xatırladaq ki, 2017-ci ilin iyulun 3-də general-mayor Novruzəli Orucovun oğlu R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sərnişinlərin həaytına təhlükə yaradıb, bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu hadisədən sonra R.Orucovun atası Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.