Gəncə şəhərində bacısı qızının sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Mirzaman Həzrətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Mirzaman Həzrətov 2018-ci ilin mayında Rusiya Federasiyasından Azərbaycana qayıdıb, Gəncədəki ata evində yaşamağa başlayıb.
O, bacısı və sonuncunun qızının faktiki ər-arvad münasibətində olduğu Muraz Məmmədovla həmin ünvanda nikahsız birgə yaşamalarını düzgün hesab etməyib. Muraz Məmmədovdan dəfələrlə arvadı ilə birlikdə onun evindən çıxıb başqa evə köçməsini tələb edib.
Onun tələblərinə məhəl qoymayan Muraz Məmmədov yenə də həmin evdə yaşamağa davam edib, həmçinin başqa evə köçmək müqabilində ondan pul istəyib.
Sonuncu dəfə, yəni oktyabrın 19-da, saat 11 radələrində bu zəmində aralarında mübahisə baş verib. Mübahisə zamanı Muraz Məmmədov nalayiq ifadələr işlədib. Sonuncu Mirzaman Həzrətovu və mənzildə olan digər qardaşı Arzumanı təhqir edib.
Həmin vaxtı Muraz Məmmədov masanın üstündən götürdüyü stəkanı Arzumanın üzərinə atıb.
Daha sonra Muraz Məmmədov binanın qarşısında dayanıb və yenə də Mirzaman Həzrətovun ünvanına söyüşlər işlədib. Mirzaman Həzrətov onun hərəkətlərini özünün şəxsiyyətinin və nüfuzunun alçaldılması kimi qiymətləndirib. Qisas alıb Muraz Məmmədovu öldürmək qərarına gəlib.
O, niyyətini həyata keçirmək üçün mətbəxdən götürdüyü bıçaqla binanın qarşısında dayanan Muraz Məmmədovun üzərinə hücum edib. Muraz Məmmədovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub.
Lakin həmin vaxt orada olan Mirzaman Həzrətovun bacısı və sonuncunun qızı onun hərəkətlərinin qarşısını alıb, Muraz Məmmədovu təcili Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Ona vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Mirzaman Həzrətovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirzaman Həzrətov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mirzaman Həzrətov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini, ən aşağı həddə cəza verilməsini xahiş edib.
Mirzaman Həzrətovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elçin Xasməmmədovun icraatına verilib.
Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırıb, sonda təqsirləndirilən şəxsin şikayətinin təmin edilməməsi barədə qərar elan edib.