Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarını Oğuz rayonunun Calut kəndinə göndərib.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, rayonun ərazisində canavarların qoyun sürüsünə hücum etməsi faktı ilə əlaqədar nazirliyin 4 əməkdaşı hadisə yerinə göndərilib:
"Kənd dağətəyi ərazidə yerləşir və ətrafında meşəlik var. Ona görə də kəndə mütəmadi olaraq vəhşi heyvanların hücumu qeydə alınır. Ötən gün günorta saatlarında kəndin örüş sahəsində qoyunlarını otaran çoban nahar yeməyinə gedib. Qayıtdıqdan sonra 4 canavarın qoyun sürüsünə hücum etdiyini və qoyunların tələf olduğunu görüb. Əməkdaşlarımız kənd sakinləri ilə görüşüblər”.
Nazirlikdən bildirilib ki, vəhşi heyvanların yaşadığı meşənin ətrafında yerləşən Calut kəndinin mühafizəsi üçün ovçular cəlb olunub: "Ərazi 3 gün müddətində növbətçilik əsasında ovçular vasitəsilə mühafizə olunacaq. Eyni zamanda kəndə vəhşi heyvanların hücumlarının qarşısının alınması istiqamətində digər tədbirlər də görüləcək”.
ETSN həyata keçiriləcək profilaktik tədbirlərdən əlavə vəhşi heyvanların olduğu meşənin yaxınlığında yaşayan kənd sakinlərini ayıq-sayıq olmağa çağırıb: "İlk növbədə, təhlükəsizlik tədbirlərini sakinlər özləri görməlidirlər. Mal-qara qapalı yerlərdə saxlanılmalı və örüş sahələrinə aparılan heyvanlar nəzarətsiz buraxılmamalıdır. Bəzi fermerlər mal-qara saxlanılan tövlələrin mühafizəsinə diqqət yetirməlidirlər”.
Qeyd edək ki, ötən gün Oğuz rayon sakini Elçin Tağıyevə məxsus qoyun sürüsünə canavarlar hücum edib. Nəticədə qoyunlardan 20-si tələf olub, 10-u yaralanıb.