Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.