Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan ilə Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq infrastruktur, müxtəlif investisiya layihələrində alman şirkətlərinin iştirakı üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı orada keçirilən biznes forumun əhəmiyyətini qeyd etdi. Alman-Azərbaycan Forumunun fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı bu forumun Azərbaycan həqiqətləri və ölkəmizdə əldə olunan nailiyyətlər barədə Almaniya ictimaiyyətinin daha çox məlumat əldə etməsi baxımından önəmli olduğunu bildirdi.
Azərbaycan Prezidenti ilə yenidən görüşündən böyük məmnunluq hissi keçirdiyini bildirən Hans-Eberhard Şlayer ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. O, ölkəmizə nüfuzlu siyasətçilərdən və sahibkarlardan ibarət nümayəndə heyəti ilə səfər etdiklərini qeyd etdi.
Görüşdə Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionda və dünyada gedən proseslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.