Xəzər Xəbər

Dünyada ilk dəfə - Heydər Əliyev Aeroportunda

Gündəm | 13:45 • 3 Sentyabr 2014
Dünyada ilk dəfə - Heydər Əliyev Aeroportunda

Mike Senior: Dünyada ilk dəfə bu mərkəz vasitəsilə 4 ədəd avialayneri eyni vaxtda bir yerdən idarə etmək mümkündür

Heydər Əliyev Beynəlxalq Aeroportunda Uçuş Əməliyyatlarına Nəzarət Mərkəzi açılıb.

Xezerxeber.com AzərTAc-a istinadən xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və xaricdən dəvət olunan mütəxəssislər mərkəzdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, mütəxəssis qruplarından biri yerli və beynəlxalq hava yollarında təyyarələrin uçuş marşrutunun qeydə alınmasına, uçuş üçün lazımi miqdarda yanacağın hesablanmasına, ehtiyat aerodromların seçilməsinə görə məsuldurlar. Uçuşların təşkili və idarəedilməsi üzrə dispetçerlər Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən ABŞ-ın Federal Aviasiya Administrasiyasının lisenziyasını alıblar.

Diqqətə çatdırılıb ki, digər qrup uçuşların aeronaviqasiya təminatı üzrə mütəxəssislərdir. Onlar Azərbaycan aviaşirkətləri üçün dünyanın müxtəlif aeroportlarına uçuşa icazənin alınmasına, həmçinin planetimizin hava məkanında vəziyyətin daimi monitorinqinə və analizinə görə məsuldurlar. Uçuş heyətinin planlaşdırılması və idarə edilməsi üzrə dispetçerlər hər reysə hazırlıqlı və məşq keçmiş ekipajın və bort-bələdçilərin təyin edilməsinə, onların iş və istirahət vaxtlarının ən ciddi aviasiya məhdudiyyətlərinə uyğun gəlməsinə görə cavabdehdirlər.

ABŞ nəqliyyat komandanlığının sabiq generalı Dankn Mak Nab mərkəzin fəaliyyətə başlamasından məmnunluğunu bildirərək deyib: “Azərbaycan tərəfi ilə aparılan müzakirələrdən sonra qərara alınıb ki, bura aviasiya sahəsində mükəmməl bir mərkəzə çevrilməlidir. Bu məqsədlə bütün təchizat yüksək səviyyədə olmalıdır. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi də bu mərkəzin yaradılmasını şərtləndirən ən vacib amillərdən biridir. Mərkəz təyyarələr üzərində səmərəli nəzarətə imkanı verir”.
Amerikalı mütəxəssis Mike Senior isə bildirib ki, dünyada ilk dəfə məhz bu mərkəz vasitəsilə 4 ədəd avialayneri eyni vaxtda bir yerdən idarə etmək mümkündür. Bu, dünyada analoqu olmayan birgə layihədir.

Tanışlıqdan sonra xarici mütəxəssislər Uçuş Əməliyyatlarına Nəzarət Mərkəzinin təkcə ölkəmiz üçün deyil, bütövlükdə region uçun əhəmiyyətini vurğulayıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar