"Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək bir daha prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə bir daha onu göstərir ki, son illər ərzində gördüyünüz işlər türk xalqı tərəfindən yüksək qiymətləndirilir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə deyib.
Prezident İlham Əliyev bildirib: "Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir. Bu gün təkbətək görüşümüzdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik, həm ikitərəfli, həm beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim birliyimiz günü-gündən güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidir və bir amalımız var ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini biz uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaqdır".