Xəzər Xəbər

"Ermənistan yalan üzərində tarix qurmaq istəyir"

Gündəm | 14:26 • 3 Sentyabr 2014
"Ermənistan yalan üzərində tarix qurmaq istəyir"

"Biz birgə səylərlə və bizə yaxın ölkələrlə birlikdə erməni yalanını bundan sonra da ifşa edəcəyik". Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı bildirib: "Bu gün eyni zamanda, gələn il Ermənistanda qeyd ediləcək qondarma, dırnaqarası, sözdə "soyqırım" ilə bağlı öz fikirlərimizi bölüşmüşük. Türkiyə və Azərbaycan bu məsələdə birgə fəaliyyət göstərirlər, göstərəcəklər. Həm xarici işlər nazirləri, səfirliklər səviyyəsində, həm də diaspor təşkilatlarımız, ictimai təşkilatlar bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəkdir ki, biz dünyada qondarma "erməni soyqırımı"nın ifşası ilə bağlı öz işlərimizi koordinasiya şəklində aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç birinin tarixi əsası yoxdur, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın ölkələrlə birlikdə erməni yalanını bundan sonra da ifşa edəcəyik".

Xəbər lenti