Xəzər Xəbər

Avropa Oyunlarına sərf olunan vəsaitin həcmi açıqlandı - SİYAHI

Gündəm | 14:56 • 4 Sentyabr 2014
Avropa Oyunlarına sərf olunan vəsaitin həcmi açıqlandı - SİYAHI

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının 4-cü iclasında ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinə sərf olunan xərclərin həcmini açıqlayıb.

 

Nazir jurnalistlərin suallarına cavab olaraq “Bakı 2015: ilk Avropa Oyunları” üçün idman arenalarının quraşdırılması, kommunikasiya, nəqliyyat, qonaqlama yerləri və digər məsələlər üçün çəkilən xərclər barədə açıqlama verib.

 

Azad Rəhimov qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri yeni qurğuların quraşdırılması və daha sonra bu qurğuların sınaqdan keçirilməsidir.

 

“Bütün işləri gələn ilin fevral ayının 1-nə kimi yekunlaşdırılması planlaşdırılır”.

 

Nazirin bildirdiyinə görə, Avropa Oyunları üçün investisiya proqramı 3 mərhələdə aparılır - idman qurğuları, kommunikasiya xərcləri və əməliyyat komitəsi üçün ayrılan vəsait.

 

Azad Rəhimov idman qurğuları üçün çəkilən xərclər barədə məlumat verib.

 

“Su kompleksi arenası - 100 milyon manat,

 

Heydər Əliyev adına İdman Konsert Kompleksinin təmiri və qurğuların quraşdırılması - 20-25 milyon manat,

 

Əl Oyunları Sarayının təmiri və yenilənməsi - 20 milyon manat,

 

Milli Stadionun tikintisinə - 500 milyon manat pul xərclənib.

 

Əməliyyat Komitəsi üçün 70-80 milyon manat vəsait yönəldilib”.

 

Nazir bildirib ki, işlər yekunlaşandan sonra “Bakı 2015” üçün nə qədər investisiya ayrıldığı barədə yekun ümumi məlumat veriləcək.

 

Xəbər lenti