Xəzər Xəbər

BTQ-nin icraçı direktoru: Ümid edirik ki, kolonializmlə mübarizədə bizi dəstəkləyənlərin sayı artacaq

Gündəm | 14:55 • 29 Mart 2025
BTQ-nin icraçı direktoru: Ümid edirik ki, kolonializmlə mübarizədə bizi dəstəkləyənlərin sayı artacaq

Fransa və Yeni Kaledoniya arasında problemlər və kolonializmin yekunlaşdırılması üzrə müzakirələr 20 ildən çoxdur ki, davam edir. Təəssüf ki, heç bir nəticə əldə edilməyib. Bakı Təşəbbüs Qrupu (BTQ) həmin danışıqlarda vasitəçi olmağa hazırdır. Yeni Kaledoniya bizim təklifimizi dəstəkləyir. Təki bunu Fransa hökuməti də istəsin.

Xezerxeber.az xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov “Kolonializm: milli-dini kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

“Biz 2023-cü ildə fəaliyyətə başlayanda 7 dənizaşırı ərazi ilə əməkdaşlıq qurduq. Mart ayına olan statistikaya əsasən hazırda 15 ərazi ilə sıx əməkdaşlığımız mövcuddur. Bakı Təşəbbüs Qrupu olaraq biz bu ərazilərin artırmasına deyil, azalmasına maraqlıyıq. Çünki həmin ərazilər öz müstəqilliyinə qovuşmalıdır.

Biz beynəlxalq platformalarda çıxış edərkən görürük ki, çox az ölkələr kolonializmlə mübarizəyə dair ifadələr səsləndirir. Prezident İlham Əliyev çox nadir liderlərdən biridir ki, fərqli platformalarda kiçik ada dövlətlərinə və kolonializmdən əziyyət çəkən ərazilərə öz dəstəyini ifadə edir. Təbii ki, bizi dəstəkləyən ölkələr Qoşulmama Hərəkatında da var. Lakin kolonializm və onunla mübarizədə bizə dəstək göstərən BMT üzvləri və Qoşulmama Hərəkatı üzvləri yoxdur. Ümid edirik ki, bizi dəstəkləyənlərin sayı getdikcə artacaq”, - deyə A.Abbasov bildirib.

Xəbər lenti