Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik. Ermənistanın silahlandırılması parçalanmanın yeni elementi ola bilər.
Xezerxeber.az xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Postsovet erasından sonra yeni reallıqların göz qabağında olduğunu deyən Prezidentin köməkçisi Azərbaycanın buna etibarlı şəkildə yanaşdığını qeyd edib.
“Biz gözləmirik ki, kimsə dünya düzənini formalaşdırsın. Biz regionla bağlı həmfikir olan ölkələri birləşdirməyə çalışırıq. Azərbaycan qonşuluqda baş verən hadisələrdən xəbərdardır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər məlumdur. Bu reallıqları nəzərə alaraq biz xarici siyasətimizdə Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirməyə çalışırıq. Bizim bu ölkələrlə tarixi bağlılığımız var. Həmçinin Türk Dövlətləri Təşkilatı yeni reallıqdır. Gürcüstan-Azərbaycan əməkdaşlığı erməni həmkarlar üçün də nümunə ola bilər. Xəzər dənizi bizi ayırmır, birləşdirir”, - deyə o əlavə edib.