"Ermənistanın Azərbaycana qarşı cinayətləri yaddan çıxası deyil”.
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin layihəsi məsələsini Azərbaycan təklif edib: “Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir. Bu, təcrübədə olub. İrlandiya Respublikasının Şimali İrlandiya ilə bağlı konstitusiyasında dəyişiklik edilib. Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bu gün bu məhkəməyə qarşı mənasız propoqanda kampaniyası aparır. Bu məhkəmədə mühakimə olan şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbuledilməz haldır. Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir".
O, həmçinin bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb.
“Regionda tam əhatəli sülhün təmin olunması üçün bu da bir şərtdir. Bu gün Minsk qrupuna da heç bir ehtiyac yoxdur. Kimsə Minsk qrupunu dirçəltmək istəyirsə, bu, utopiyadır. Ermənistan Minsk qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırılandan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq”.