Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etməkdən imtina edib.
Xezerxeber.az-ın məlumatına görə, o, bu barədə susmağa üstünlük verib.
“Əlbəttə, bizim aidiyyatı idarələrimiz bunu çox diqqətlə, lazımi diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuda şərh verməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib.
Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketilə vurulub.
“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.