Xəzər Xəbər

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

Gündəm | 20:32 • 28 Dekabr 2024
Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Nazir Ceyhun Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.

Nazir ən qısa müddət ərzində beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.

Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar