İlkin məlumatlara görə, ekspertlər Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın hava məkanından kənarda zədələndiyi qənaətinə gəliblər.
Xezerxeber.az xəbər verir ki, bunu Qazaxıstan mətbuatına açıqlamasında hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev bildirib.
"Bu işlə bağlı məhkəmə-tibbi, histoloji və molekulyar-genetik ekspertizalar təyin edilib", - deyə Bozumbayev qeyd edib.
Onun sözlərinə görə, səbəb və halların müəyyən edilməsi üçün kompleks ekspertiza (məhkəmə-trassoloji, ballistik və partlayış-texniki) təyin edilib. "Yəni partlayışın nə vaxt və nədən baş verdiyi müəyyən olunacaq. Ekspertiza bizə dəqiq cavablar verməlidir. Araşdırmanın nəticələri beynəlxalq normalara uyğun olaraq ictimaiyyətə təqdim ediləcək", - deyə o bildirib.
Bozumbayev, həmçinin aviaqəzada həlak olanların hamısının hələ də tanınmadığını qeyd edib. Hazırda genetik araşdırmalar davam edir.