Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində nəzərdən keçirilir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasında xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalar ilə bağlı yerli medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək.
XİN rəsmisi qeyd edib ki, bununla əlaqədar, yaxın günlərdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.
Xatırladaq ki, hazırkı qaydalara görə bu müddət 180 gün ərzində 90 gün, 1 il ərzində isə 180 gündür.