Evlər, həyətlər çirkab sularla dolub...
Xezerxeber.az xəbər verir ki, bura paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Zəlimxan Yaqub küçəsidir. Sakinlər deyirlər ki, 20 gündən artıqdır yaşadıqları ərazi çirkab sularla dolduğundan bu ərazidən keçməkdə çətinlik çəkirlər. Bəzi evlərdə isə üfunətdən durmaq mümkün deyil.
Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ünvanda Xidmətin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Qəsəbədə yerləşən sosial binaların tullantı suları isə mövcud şəbəkəyə axıdılır. Kanala hər hansı tullantı suyunun axıdılması kimi bir hal mövcud deyil.
Qurumdan o da bildirildi ki, tullantı su şəbəkəsinin mövcud olmadığı ərazilərdə isə kanalizasiya sisteminin qurulması istiqamətində layihə sənədləri hazırlanıb. Layihələrin icrası sistemin mövcudluğu, texniki vəziyyət nəzərə alınmaqla həyata keçirilir. Layihələrin inşası ilə bağlı işlər isə plana uyğun olaraq mərhələlərlə aparılır.
Sakinləri narahat edən problemin nə vaxt həll ediləcəyi ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən də mövqe öyrənmək istədik. Ancaq, İcra Hakimiyyətindən məsələ ilə bağlı heç bir açıqlama verilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.