Bu gün Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar verdilər.
Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.
Baş nazir bildirib ki, Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub: “Ərazilərimizdə urbisid, kultursid və ekosid törədilib. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib. Hazırda isə bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər tamamilə yenidən qurulur. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurdlarına qayıdıb. Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək”.