Dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində XXI əsrdə də tarix yazmağa davam edirik. Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
“2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub. 44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub. Şuşa Bəyannaməsi təkcə müttəfiqlik əlaqəsi deyil, eyni zamanda, münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir. Həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda nümayiş etdirdiyimiz qardaşlıq və həmrəylik iradəsi ortaq gələcəyimizin təminatıdır”, - Fuad Oktay diqqətə çatdırıb.