Xəzər Xəbər

Ölkələr COP29 çərçivəsində birləşməlidir Baş katib

Gündəm | 20:25 • 22 Noyabr 2024
Ölkələr COP29 çərçivəsində birləşməlidir

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizə aparmaq və iqlim ədalətinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Xezerxeberaz xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir. Geosiyasi fikir ayrılıqları şəraitində ölkələr iqlim ədalətini təmin etmək və bizi bəşəriyyət üçün layiqli dünya qurulmasına yaxınlaşdırmaq məqsədilə COP29 çərçivəsində birləşməlidir", - Baş katib qeyd edib.

Qeyd edək ki, COP29 sədrliyinin bu gün yaydığı bəyanatda bildirilir ki, COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif edilir.

Bəyanata əsasən, Tərəflərin təkliflərinin ilkin nəzərə alınması çərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə qərar inkişaf etməkdə olan ölkələr üçün bütün dövlət və özəl mənbələrdən iqlim tədbirləri üçün maliyyələşmənin 2035-ci ilə qədər illik ən azı 1,3 trilyon ABŞ dollarına çatdırılması üçün birgə işə çağırır.

Bundan əlavə, inkişaf etmiş ölkələrin təkliflərini nəzərə alaraq, qərar inkişaf etməkdə olan ölkələrdə iqlim təşəbbüslərini dəstəkləmək üçün hazırda inkişaf etmiş ölkələrin iştirakı ilə səfərbər edilən illik 100 milyard ABŞ dollarından 2035-ci ilə qədər minimum 250 milyard ABŞ dollarına qədər artım nəzərdə tutur.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024