Xəzər Xəbər

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb

Gündəm | 18:43 • 17 Noyabr 2024
COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü noyabrın 17-də başa çatıb.

Xezerxeber.az xəbər verir ki, Şərqi Afrika Qanunvericilik Məclisinin Parlament üzvü Jaklin Amonginin moderatorluğu ilə keçirilən “İqlim həssaslığının həll edilməsi: iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi” adlı sessiya parlamentarilərə kiçik ada dövlətləri, dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif dövlətlərin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı yaradıb.

Tədbirdə çıxış edən Beynəlxalq İnkişaf Hüquq Təşkilatının (IDLO) Baş direktoru xanım Jan Beagle, İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) Regional Fəaliyyət və Qlobal Təbliğat üzrə Strateji Qrupun rəhbəri David Potter, Benin Milli Assambleyasının üzvü Jeremi Adomahu və BMT-nin iqlim dəyişmələri üzrə eksperti Katerine Vonq iqlim dəyişikliyindən təsirlənən həssas qrupların müdafiəsini təmin etməyin, ədalətli və hərtərəfli iqlim siyasətinin təşviqinə dəstək olmağın vacibliyindən danışıblar. Bildirilib ki, iqlim dəyişmələri ilə mübarizədə yerli qanunlar və beynəlxalq öhdəliklər mütləq nəzərə alınmalıdır.

Qeyd edilib ki, münaqişədən və müharibədən əziyyət çəkən ölkələr, həmçinin iqlim dəyişmələrindən təsirlənir. Eyni zamanda, münaqişələrə məruz qalan ölkələr iqlim maliyyəsindən də əziyyət çəkir.

Çıxış edənlər kiçik ada dövlətlərinin, dağlıq və okeana çıxışı olmayan ölkələrin də bu məsələlərdən əziyyət çəkdiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu münaqişələr ildən-ilə daha çox insanı didərgin salıb. Lakin belə davam edərsə, iqlim dəyişmələrinin gələcəkdə daha çox insanı məcburi köçkün vəziyyətinə salacağı gözlənilir.

Tədbirdə iqlim dəyişikliyinin gənclər arasında sosial həssaslığa təsiri barədə fikir mübadiləsi aparılıb. Həmçinin iqlim dəyişikliyi ilə bağlı müzakirələrin daha da dərinləşməsinə və hərtərəfli tədbirlərin həyata keçirilməsinə dair mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonra “İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətli girişin təmin edilməsi” adlı sessiya təşkil olunub.

Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunun araşdırılması və iqlim fəaliyyətinin irəlilədilməsində alət ola biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, parlamentlərin texnologiyalardan təhlükəsiz, məsuliyyətli və inklüziv şəkildə istifadəni təmin etməsi yolları müzakirə edilib. Tədbirdə parlamentlərin xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxışı təşviq etmək imkanları barədə də danışılıb.

İqlim Siyasəti Radarının qurucusu və Baş direktoru xanım Michal Nachmany, “Permalution”un qurucusu və Baş direktoru xanım Tatiana Estevez və Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şuranın üzvü xanım Meera Al Suvaidi çıxışlarında texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu barədə fikirlərini səsləndiriblər. Bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların əriməsi və kəskin hava şəraitinin artması planetimizin gələcəyini təhlükə altında qoyur. Bu problemin öhdəsindən gəlmək üçün innovativ həllər tələb olunur və texnologiya bu məsələdə vacib rol oynayır. Lakin texnologiyanın tətbiqi təkcə effektivlik deyil, həm də ədalətli çıxışı təmin etməklə həyata keçirilməlidir.

Həmçinin diqqətə çatdırılıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, həm də ədalətli çıxışı təmin etmək üçün konkret addımlar atmalıdır. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız qlobal həmrəylik və innovativ yanaşma ilə uğurlu ola bilər. Texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.

Tədbir zamanı iqlim siyasətinin daha inklüziv, bərabər və davamlı olmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklif edilib.

Böyük Britaniya parlamentinin üzvü Kris Lounun moderatorluğu ilə keçirilən “İqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər” mövzusunda sessiyada iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri, xüsusilə iqlim dəyişikliyi nəticəsində yaranan sağlamlıq problemləri müzakirə olunub. Həmçinin parlamentlərin sağlamlığın qorunmasına və iqlim problemlərinin həllinə hərtərəfli, tamamlayıcı yanaşma tətbiq edə bilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Ərzaq və qida çatışmazlığına səbəb olan, kənd təsərrüfatında və balıqçılıq sektorunda itkilərə gətirib çıxaran halların azaldılması strategiyaları haqqında danışılıb.

Tədbirdə çıxış edən Ümumdünya Ərzaq Proqramının Berlin Qlobal Ofisinin direktoru Martin Frik, Uruqvay Senatının üzvü xanım İren Moreyra və Milli Məclisin deputatı Pərvanə Vəliyeva iqlim dəyişikliyinin qlobal miqyasda sağlamlıq və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bildiriblər. Qeyd edilib ki, onun təsirləri ekosistemə, iqtisadiyyata və insanların həyat keyfiyyətinə ziyan vurur. Xüsusilə sağlamlıq və ərzaq təhlükəsizliyi sahələrində yaranan problemlər dünya ölkələrini daha çox tədbirlər görməyə sövq edir.

Çıxışçılar, həmçinin dəyişən iqlim şəraitinin ərzaq istehsalı sistemlərinə təsir göstərərək məhsuldarlığı azaltdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, quraqlıq, daşqın və torpaqların şoranlaşması kimi hallar kənd təsərrüfatı məhsuldarlığını aşağı salır. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır.

Tədbirdə bildirilib ki, iqlim dəyişikliyinin sağlamlığa və ərzaq təhlükəsizliyinə təsirlərinin qarşısını almaq üçün beynəlxalq səviyyədə koordinasiyalı səylər vacibdir. Bu problemin həlli təkcə dövlət qurumlarının deyil, həm də cəmiyyətin, biznes strukturlarının və qeyri-hökumət təşkilatlarının birgə səylərini tələb edir. Vurğulanıb ki, dayanıqlı gələcək üçün səmərəli addımların atılması insanların rifahını və ərzaq təhlükəsizliyini təmin etməyə kömək göstərər.

Daha sonra “İnsan mobilliyinə və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbli miqrasiya və məcburi köçkünlüyün həlli” adlı sonuncu sessiya təşkil edilib.

Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilən sessiyada iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və məcburi köçkünlük tendensiyasına diqqət çəkilib. Parlamentlərin miqrasiya və məcburi köçkünlüyün əsas səbəblərini həll etmək və məcburi köçkünlərin və miqrantların müdafiəsini təmin etmək üçün strategiyaları təşviq etmək imkanları müzakirə olunub.

Sessiyada çıxış edənlər - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Xüsusi Məsləhətçisi Ofisinin Baş siyasət məmuru xanım Mişel Yonetani, “Refugees International” təşkilatının qaçqın təqaüdçüsü xanım Ayoo Hellen, Tailand Nümayəndələr Palatasının üzvü xanım Sanivan Buaban iqlim dəyişikliyinin təsirindən yaranan miqrasiya və məcburi köçkünlük problemlərini müzakirə edərək müxtəlif aspektlərə toxunublar. Onlar xüsusilə məcburi köçkünlərin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər. İqlimin səbəb olduğu miqrasiya zamanı ən çox təsirlənən qadın və uşaqların vəziyyətinə diqqət çəkilib.

Çıxışlardan sonra sessiya interaktiv müzakirələrlə davam edib. Müzakirələrdə parlamentlərin iqlim dəyişikliyinin sosial təsirlərinə qarşı strategiyaları necə inkişaf etdirə biləcəyi barədə fikirlər səsləndirilib.

Sonda Parlament Görüşünün yekun sənədi qəbul olunub.

Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verib. S.Məmmədov qeyd edib ki, COP29 parlament sessiyası üçün layihə sənədi COP27 və COP28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb: “Sənədin ilkin versiyası hazır olduqdan sonra müxtəlif ölkələrdən təkliflər və rəylər aldıq. İyun ayında layihə sənədini Parlamentlərarası İttifaqın COP29-a hazırlıq iclasında yenidən müzakirə etdik. Layihə Parlamentlərarası İttifaqın katibliyi tərəfindən yenidən həmkarlarımıza göndərildi. Yeni təkliflər və ideyalar təqdim edildi. Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı çox məhsuldar müzakirələr apardıq”.

Milli Məclisin deputatı bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb. Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir. “Ümid edirəm ki, bütün həmkarlarımızın mövqelərini tam və ya qismən əks etdirən layihə təqdim edə bilmişik. Yəqin razılaşarsınız ki, təşkilatın hər bir üzvünün fikirlərini tam əks etdirən sənədə nail olmaq, demək olar ki, qeyri-mümkündür. Yalnız onu deyə bilərəm ki, COP29-un ümumi məqsədlərinə və məsuliyyətimizə uyğun işləməyə çalışmışıq”, - deyə o əlavə edib.

Yekun nitqi ilə çıxış edən Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq bildirib ki, Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşü yaddaqalandır: “İlk dəfədir ki, Parlament Görüşünü iki gün ərzində keçirdik. Çünki müzakirə etdiyimiz məsələlərin önəmi baxımından daha çox vaxt ayırmaq istədik. Bu, təşkil etdiyimiz ən geniş auditoriyaya malik görüş olacaq”.

“Parlament Görüşünün yekun sənədində parlamentlərin iqlim böhranı ilə mübarizədə rolu yer alır. Bu, geniş konsultativ məşvərət prosesinin yekunudur. Biz geniş parlament üzvlərinin fikirlərini almağa çalışdıq. Bu, parlamentlər üçün yol xəritəsini və öhdəliklərini göstərir. Eyni zamanda, birliyin, bərabərliyin önəmini vurğulayır. Biz bilirik ki, iqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik. Biz istərdik ki, parlamentlər iş birliklərini davam etdirsinlər, ümumi kampaniyalara qoşulsunlar. Hamımız qətiyyətli tədbirlərə keçməliyik”, - deyə Martin Çunqonq diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar