COP29 ərzində qidaların böyük əksəriyyətini - 85-90 faizdən çoxunu yerli məhsullar təşkil edəcək.
Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov deyib.
Qidalanma və ketrinq işləri ilə bağlı bütün hazırlıqların yekunlaşdığını bildirən şöbə müdiri əlavə edib: “Biz iki aydan çoxdur işçilərin, podratçı şirkətlərin qidalanmasını təmin edirik. Artıq bütün sınaq rejimindən keçmişik. Ərazidə qurulacaq yeni kofeşop və restoranların təmiri yekunlaşıb. Bir çoxu, hətta yarısı iş rejiminə başlayıb və sınaqdan keçib. Artıq onlar fəaliyyətlərini, satışlarını davam etdirirlər”.
Həm Yaşıl, həm də Mavi Zonada 56 satış nöqtəsinin olduğunu diqqətə çatdıran Anar Zeynalov deyib: “İki böyük restoranımız, kofe və isti çay satılan 28 məntəqəmiz var. Dünya mətbəxindən müxtəlif təamların olacağı 24-dən çox qida satış məntəqəsi fəaliyyət göstərəcək”.