Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampı Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. O qeyd edib ki, iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə etməyi səbirsizliklə gözləyir.
Xezerxeber.az bu barədə Ukrayna Prezidentinin “X” sosial platformasında hesabına istinadla xəbər verir.
V.Zelenski yazıb: “Donald Trampı seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edirəm”. Ukrayna Prezidenti əlavə edib ki, o, respublikaçının “Ukraynada ədalətli sülhü həqiqətən də yaxınlaşdıra biləcək güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirir.
Ukraynanın dövlət başçısının sözlərinə görə, Kiyev Trampın qətiyyətli rəhbərliyi altında “güclü ABŞ erasını” gözləyir və “Ukraynaya hərtərəfli güclü dəstək” veriləcəyinə ümid edir.
“Prezident Trampa şəxsən təbriklərmi çatdırmaq və Ukraynanın ABŞ ilə strateji tərəfdaşlığını gücləndirmək yollarını müzakirə etmək fürsətini səbirsizliklə gözləyirəm”, - deyə Zelenski bildirib.