Bu gün Bakıda Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd edilib.
Xezerxeber.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin sədri Sahibə Qafarova, millət vəkilləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomesajı iştrakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı müstəqillik tarixi haqqında danışıb. Səfir Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafından söz açıb.
O qeyd edib ki, iki ölkə arasında dünyada nümunəsi olmayan qardaşlıq əlaqələri mövcuddur. Səfir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdiyi kimi Türkiyə daim azərbaycanlı qardaşlarının yanlnda olacaq.
“Heç bur güc bizim bu qardaşlığımızı sarsıda bilməz. Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilhamla daim Azərbaycanı dəstəkləyəcək. Azərbaycanın COP 29-a uğurla ev sahibliyi edəcəyinə inanırıq. Bu tədbir Azərbaycanın nüfuzunu daha da gücləndirəcək. Türkiyə olaraq bu məsələdə də ən yüksək səviyyədə Türkiyə Azərbaycanın yanındadır”, - deyə səfir əlavə edib.
Daha sonra çıxış edən spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.
S.Qafarova bildirib ki, Türkiyə inamla inkişaf edir, irəli addımlayır.