Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin II toplantısının Azərbaycanda keçirilməsinə qərar verdik. Bu görüşlərdən ölkələrimiz adına müsbət nəticələr əldə olunacağına inanırıq. Azərbaycan hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 kimi mühüm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu önəmli tədbirin həyata keçirilməsində Azərbaycana uğurlar diləyirik.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Kacır Türk Dövlətləri Təşkilatının (TDT) İstanbulda keçirilən Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin I toplantısı çərçivəsində mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Türkiyə TDT-nin inkişafına töhfə vermək, üzv dövlətlər arasında əməkdaşlıq və birliyi gücləndirmək üçün səylərini davam etdirəcək. O, Türkiyənin sənaye və texnologiya sahəsində mühüm nailiyyətlər əldə etdiyini, ölkədə sənaye zonalarının sayının 192-dən 361-ə yüksəldiyini deyib: “Türkiyə bu gün Çindən Avropaya qədər çox sayda məhsul ixrac edir. Qarşıdakı dövrdə bu sahədə bütün nailiyyətlərimizi, o cümlədən texnoparklarımızdakı innovasiya çalışmalarımızda əldə etdiyimiz uğurları TDT ölkələri ilə daha çox paylaşacağıq. Həmçinin üzv dövlətlərin də əldə etdiyi təcrübədən faydalanmaq üçün səylərimizi artıracağıq”.