Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsi məsələsi birinci oxunuşda təsdiqlənib.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.
Dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklik "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.