Xəzər Xəbər

Meksika mətbuatında erməni yalanları ifşa olunub

Gündəm | 09:29 • 8 Oktyabr 2024
Meksika mətbuatında erməni yalanları ifşa olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik olan “El Universal” qəzetində “Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülh artıq yaxındırmı?” başlıqlı məqalə dərc olunub. Qəzetin fransız əsilli və əsasən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxbiri Jan Meyer tərəfindən yazılmış böhtan xarakterli yazılara cavab olaraq hazırlanmış məqalədə J.Meyerə Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin tarixini unutmamağa və erməniləri “qurban” kimi qələmə verməməyə çağırış edilir.

Xezerxeber.az Azərbaycanın Meksikadakı səfirliyinə istinadla xəbər verir ki, yazıda Azərbaycanın 30 il boyunca erməni təcavüzünə məruz qalması, ermənilər tərəfindən həm Ermənistan, həm də Azərbaycan ərazilərində etnik təmizləmə aparılması faktı göz önünə çəkilərək, Ermənistan ərazisində heç bir zaman münaqişənin olmadığı vurğulanır. Qeyd olunur ki, bütün dünya tərəfindən ərazi bütövlüyünün tanınmasına və 1993-cü ildə BMT-nin Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağıran qətnamələrinə baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini yalnız 30 ildən sonra bərpa edib. Eləcə də, işğal dövründə ermənilər tərəfindən bu qətnamələrə məhəl qoyulmadığı üçün daha əvvəl sülh yolu ilə həll oluna biləcək münaqişənin bu zamana qədər uzandığı vurğulanır.

Yazıda J.Meyerin əsassız ittihamlarının böyük narahatlıq doğurduğu və onun şəxsi fikirləri ilə oxuyucuları yanıltmağa çalışdığı qeyd edilir. Həmçinin, Ermənistanın baş naziri və BMT-nin regiondakı iki missiyası tərəfindən Qarabağda hər hansı “etnik təmizləmə”nin aparılmadığının bəyan edildiyi, Azərbaycan tərəfindən orada yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı almaq üçün hər bir şəraitin yaradıldığı, lakin erməni icmasına aşılanan ifrat millətçilik ruhu səbəbindən Qarabağda yaşayan ermənilərin böyük bir hissəsinin “türk dövləti”ndə yaşamaq ideyasından imtina etdiyi vurğulanır.

Məqalədə Azərbaycanın separatizmə və öz torpaqlarının işğalına son qoyduğu, nəticədə həm Azərbaycan, həm də Ermənistan xalqı üçün münasibətlərin normallaşdırılması, sülh və yaxşı qonşuluq münasibətlərində yaşamaları üçün imkanın yaradıldığı qeyd olunur. Hazırda iki ölkə arasında davamlı sülh sazişi, eləcə də regionda bütün kommunikasiyaların bərpası barədə razılaşma üzrə danışıqların aparıldığı bildirilir.

Yazıda həmçinin Qarabağın tarix boyu, istər Qarabağ Xanlığı, istər Azərbaycan Demokratik Respublikası, istərsə də Azərbaycan Sovet Sosialist Respublikası dövründə Azərbaycanın bir hissəsi olduğu, lakin bəzən bu reallığın nəzərdən qaçırıldığı qeyd olunur. Eləcə də, 2020-ci il müharibəsinin ədalətsizlik və ikili standartların nəticəsi, eyni zamanda Azərbaycanın qanuni torpaqlarını azad edə bilməsi üçün son şans olduğu bildirilir.

Məqalənin sonunda mövcud səylərin regionda davamlı sülhə nail olmağa yönəldiyi halda bəzi analitiklərin bu cür ayrı-seçkilik nümayiş etdirən yazılarının təəssüf doğurduğunu bildirir.

Xəbər lenti

Çox oxunanlar