Xəzər Xəbər

Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib

Gündəm | 15:31 • 2 Oktyabr 2024
Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndə heyəti ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında 2008-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişi əsasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatlarının toplanmasına və mərkəzləşdirilməsinə başlanılıb. Bioloji nümunələrin əksəriyyəti Qızıl Aypara Cəmiyyəti könüllülərinin yaxından iştirakı ilə itkin düşənlərin ailələrindən toplanıb. Toplanmış bütün bioloji nümunələr arxivə verilib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "Ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması" mövzusunda keçirilən sessiyasında söyləyib.

O bildirib ki, 2024-cü il oktyabrın 1-nə olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3980 nəfər Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Bunlardan 3974 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə Vətən müharibəsi zamanı itkin düşüb.

Qəzənfər Əhmədov əlavə edib ki, qazıntılar və ekshumasiyalar başa çatdıqdan sonra cəsəd qalıqlarının anatomik və molekulyar-genetik tədqiqatlarının aparılması üçün lazımi addımlar atılacaq.

"Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib. Davam edən müraciətlər bu rəqəmin daha da artacağını göstərir", - deyə Komissiyanın katibi vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar