Otuz ildir ki, Azərbaycan itkin düşmüş şəxslər problemi ilə üz-üzədir. 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib və dövrü əsasda iki ildən bir qətnamə yenidən irəli sürülür.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi" mövzusunda keçirilən sessiyasında söyləyib.
İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə kütləvi məzarlıqların aşkarlandığını konfrans iştirakçılarının diqqətinə çatdıran nazir müavini əlavə edib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən işlər həyata keçirilir. Ərazilərimizdə törədilmiş saysız-hesabsız cinayət faktlarına baxmayaraq, regionda sülhün tərəfdarı Azərbaycandır. Həmçinin 2020-ci il müharibəsindən sonra ölkəmiz erməni hərbçilərinin qalıqlarını qarşı tərəfə təhvil verib. Ermənistandan da gözləyirik ki, itkin düşmüş şəxslər barədə məlumatları Azərbaycana təqdim etsin”.
O əlavə edib ki, beynəlxalq qətnamələr sülh və sülh quruculuğu prosesinin bir hissəsi kimi itkin düşmüş şəxslər probleminin həllini vurğulayır: “Humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir. Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib, azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb. Bunlar sübutlardır. Son illərdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycan hökuməti lazımi addımları atır. İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər. Bizim regionda sülhə münasibətimiz heç vaxt qisas üzərində qurulmayıb. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb”.
Nazir müavini, Ermənistanın bütün mövcud dəfn yerləri barədə məlumatları bölüşməyə çağırıb.