Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb.
Xezerxeber.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
Konfransın birinci günündə etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi, ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması, itkin düşmüş şəxslərin ailələrinin təcrübələri, onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri, itkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər mövzusunda sessiyalar keçiriləcək, itkin düşmüş azərbaycanlı şəxslərin ailə üzvlərinin fikirləri dinləniləcək.
Bu gün həmçinin konfransın yekun bəyanatının qəbulu də nəzərdə tutulur.
İtkin düşmüş şəxslər probleminə həsr edilmiş rəsm əsərlərinin sərgisinin və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Konfrans iştirakçıları tədbirin ikinci günündə işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarla tanış olacaqlar.