Sentyabrın 29-da Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib.
Xezerxeber/az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Tədbirin açılış mərasimində baş prokuror K.Əliyev və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin baş prokuroru Juan Bautista Mahiques çıxış edib.
K.Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionu sabitlik adasına çevrildiyini deyib: “Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı və Ümumi Yığıncağı bizə prokurorların rolunu müzakirə etmək üçün şərait yaradır. Hazıra tədbirdə 10 beynəlxalq təşkilatın, eyni zamanda 100-ə yaxın ölkənin nümayəndələri iştirak edir”.
O qeyd edib ki, bütün prokurorların missiyası öz işini ədalətli şəkildə icra etməkdir: “Qanun sülhün bərqərar olduğu cəmiyyətin banisi, demokratiyanın və insan ləyaqətinin qoruyucusudur.
İnanıram ki, dostluq təməlləri əsasında keçiriləcək konfrans regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq”,-deyə baş prokuror əlavə edib.
Daha sonra çıxış edən Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin baş prokuroru Juan Bautista Mahiques assosiasiyanın gələcək strategiyası, hədəfləri barədə məlumat verib. O, qonaqpərvərliyə, assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağında müxtəlif ölkələrin baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 470-ə yaxın şəxs iştirak edir.
Tədbir zamanı müxtəlif plenar və xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, habelə ikitərəfli və çoxtərəfli görüşlər təşkil olunacaq. Həmçinin müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlər də nəzərdə tutulub.
Əsas mövzusu “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” olacaq konfransda cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası və bu kimi digər altmövzular üzrə çıxışlar olacaq.
Tədbir çərçivəsində BPA-nın strategiyası və gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyətli qərarların qəbulu nəzərdə tutulub.