Xəzər Xəbər

"Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb" AÇIQLAMA

Gündəm | 12:15 • 17 Sentyabr 2024
"Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb"

Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Ermənistan tərəfi təklif edir ki, hazırda razılaşdırılmış müddəalar saxlanılmaqla Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Ancaq bunun məqbul variant olmadığı Azərbaycan tərəfindən bir neçə dəfə bildirilib. İstənilən saziş layihəsi üzrə belə bir qayda var ki, hər şey razılaşdırılmadan heç nə razılaşdırılmış hesab olunmur. Layihə üzrə danışıqlar qapalıdır və təfərrüatları geniş ictimaiyyətə açıq deyil.

Ancaq onu qeyd edə bilərik ki, layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80% razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Amma bu o demək deyil ki, Ermənistan tərəfin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir. Saziş layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var.

Ümumiyyətlə isə saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Ermənistan tərəfindən qanunvericilik aktlarında ərazilərimizə qarşı davam edən iddialara son qoyulmadıqca iki ölkə arasında həqiqi sülhdən söhbət gedə bilməz", -deyə XİN rəsmisi bildirib.

Xəbər lenti