Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 14-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Yasəmən Mahmudovanın müraciətinə baxılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.
Onun sözlərinə görə, şikayətçi seçki dairəsi üzrə bütün seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə müraciət edib.
Namizəd şikayətində səsvermə günü seçki qutularına qanunsuz olaraq bülletenlərin atıldığını, bir şəxsin bir neçə dəfə səs verdiyini və seçkiyə aid digər qanun pozuntularının da olduğunu qeyd edib. Müraciətə video və fotogörüntülər əlavə olunub.
MSK sədri Məzahir Pənahov bildirib ki, müraciətçinin yaxınları, qohumları müsahibə verərək seçkilərin şəffaf keçirildiyini deyiblər.
A.Muxtarova əlavə edib ki, dairə üzrə səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməyib. Sadəcə, məntəqələrdə seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən, Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar nəzərə alınaraq seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib.
Bu barədə məsələ iclasda səsverməyə çıxarılaraq qəbul olunub.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.