Altı qrupdan ibarət nümayəndə heyətimiz Bakıda yerləşən müvafiq məntəqələrdə keçirilmiş seçki prosesində müşahidəçi qismində iştirak edib. Keçirilən müşahidə ölkə qanunvericiliyinə, habelə seçkilərin təşkili və keçirilməsinə dair beynəlxalq standartlara əsaslanan qanunlara və qabaqcıl təcrübəyə uyğun olaraq aparılıb.
Xezerxeber.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər təşkilatının müşahidə missiyasının üzvü Jakop Eyeru növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, nümayəndə heyətinin üzvləri 7, 15, 16, 17 saylı seçki dairələrinin bir sıra seçki məntəqələrində seçki prosesini sona qədər izləmiş, ümumilikdə isə 54 seçki məntəqəsində baş tutmuş seçki prosesinin hər bir mərhələsinin monitorinqində yaxından iştirak edib.
“Səsvermə bülletenlərinin hesablanması və nəticələrinin elan edilməsi Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydalara və standartlarına uyğun olaraq aparılıb. Seçki məntəqələrində seçki hüququna malik olan vətəndaşların inklüziv iştirakını və yüksək seçici fəallığını müşahidə etdik. Müşahidəçilər təsdiqləyib ki, bütün təyin edilmiş seçki məntəqələrində səsvermə zamanı şəffaflıq və legitimlik meyarlarına cavab verən azad və ədalətli seçkilər baş tutub. Müşahidəçilər həm milli, həm də beynəlxalq nümayəndə heyətinə obyektiv müşahidələrin aparılması üçün lazımı inzibati dəstəyin göstərildiyini qeyd ediblər”, - deyə müşahidə missiyasının üzvü vurğulayıb.