Ermənistan daim çalışır ki, Azərbaycanla münasibətlərin normallaşması prosesinə ABŞ, Avropa İttifaqı, Parisi cəlb etsin, lakin ilk növbədə Azərbaycanla razılaşmaq lazımdır. Başqa yol yoxdur.
Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin müəllim və tələbələri qarşısında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesini Rusiya tərəfi konsultasiya etməlidir, lakin bu, Ermənistanın imtinası səbəbindən baş vermir. “Xeyr, istəmirlər və eyni zamanda, daim Qərbi, ABŞ-ı, Avropa İttifaqını, Parisi cəlb etməyə və onların istənilən prosesləri himayə altına almasına çalışırlar. Bu, onların seçimidir, lakin İrəvan, ilk növbədə, azərbaycanlı qonşuları ilə danışıqlar aparmalıdır. Başqa yol yoxdur”, -deyə Rusiya XİN-in rəhbəri əlavə edib.
Nazirin sözlərinə görə, qarşıya qoyulan vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpasıdır. Lavrov xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatında bu istiqamətdə dəmir yolu və avtomobil əlaqəsinin bərpa olunacağı göstərilib. Amma Lavrov vurğulayıb ki, Ermənistan əvvəlcədən avtomobil yolundan imtina edib.
Rusiyalı nazir deyib: “Azərbaycan burada heç bir səbəb görmədi, amma razılaşdı. Sonra Ermənistan dedi ki, rus sərhədçilərinin iştirakı olmayacaq, halbuki bu, aydın şəkildə yazılıb. Bu məsələ də bizə aydın deyil. Azərbaycanlılar deyirlər ki, inamsızlıq, hətta düşmənçilik səviyyəsi hələ də çox yüksəkdir. Onlar Ermənistan ərazisindən keçərək Naxçıvana gedəndə, birinci mərhələdə öz təhlükəsizliyinə arxayın olmaq istəyirlər”.
Rusiya XİN-in rəhbəri məsələlərin həlli zamanı tərəflərin danışıqlar aparmaq bacarığının vacibliyini qeyd edib. O vurğulayıb: “Biz indi narahatıq ki, 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın bir neçə sammitində bağlanmış üçtərəfli sazişlər yerinə yetirilmir. Mən nəqliyyat əlaqələrinin bərpasını misal çəkdim və bununla məşğul olan üçtərəfli komissiyanı da qeyd etdim, lakin o, artıq praktik olaraq görüşlər keçirmir. İrəvan hesab edir ki, məsələni birbaşa Azərbaycanla həll etmək lazımdır, Tanrı xətrinə, amma bunu bacara bilsələr”.