Asiya Parlament Assambleyasının nümayəndələri olaraq seçkilərdə iştirak etməkdən çox məmnunuq. Beynəlxalq müşahidəçi qismində çox vacib missiyamızı yerinə yetirmək üçün lazım olan bütün şəraitin yaradılmasına görə Mərkəzi Seçki Komissiyasına (MSK) təşəkkür edirəm.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Asiya Parlament Assambleyasının (APA) Baş katibi Məhəmməd Rza Məcidi növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, seçkiləri müşahidə etməkdə məqsəd prosesin qərəzsiz, azad və demokratik prinsiplərə uyğun keçirilməsini izləməkdən ibarət idi. Səsvermə prosesinin tam şəkildə həyata keçirilməsi üçün bütün şərait yaradılmışdı.
"Seçki prosesi zamanı məntəqələrdə seçici fəallığını müşahidə etdik. Müxtəlif seçki məntəqələrini ziyarət etdiyimiz zaman seçiçilərin məntəqələrə nizamlı şəkildə gələrək səs verməsinin şahidi olduq. MSK şəffaflığı təmin etmək və seçki bülletenlərinin məxfiliyini qorumaq üçün lazımi tədbirləri görmüşdü. Bu parlament seçkiləri Azərbaycanda seçki prosesinin nə qədər inkişaf etdiyini göstərdi", - deyə Baş katib diqqətə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen seçki prosesinin şəffaf və demokratik şəkildə aparıldığını deyib. Bildirib ki, Azərbaycanda keçirilən seçkilər dünya standartlarından da yüksək səviyyədə idi. Həm Bakı, həm də Bakıətrafı ərazilərdə seçki prosesi sakit şəraitində reallaşdı.