Hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb. Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatını nəzərə alaraq hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib.
Ermənistanın baş naziri Nikol Paşinyanın son fikirlərinə toxunan Prezidenti köməkçisi deyib: “Ermənistanın baş nazirinin açıqlamalarında kifayət qədər ziddiyyətli, həqiqəti əks etdirməyən məqamlar var. Ermənistan militarizasiya siyasətini həyata keçirir, bu, faktdır. Ermənistanın militarizasiya siyasətini həyata keçirməsində ona bir sıra Qərb ölkələri, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir. Bu, Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasına xidmət edir.