Xəzər Xəbər

Andrey Yatskin: İnsanlar həvəslə səsvermədə iştirak etməyə gəlirlər

Gündəm | 10:51 • 1 Sentyabr 2024
Andrey Yatskin: İnsanlar həvəslə səsvermədə iştirak etməyə gəlirlər

Azərbaycan Respublikası parlamentinə seçkilərdə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçilərindən ibarət nümayəndə heyətini təmsil edirik. Nümayəndə heyətimiz kifayət qədər böyükdür, təxminən 40 nəfərdir, onların hamısı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında akkreditə olunublar.

Xezerxeber.az xəbər verir ki, bu sözləri MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin Bakıda 1 saylı seçki məntəqəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin gedişatı ilə tanış olduqdan sonra jurnalistlərə deyib.

MDB PA monitorinq qrupunun koordinatoru Azərbaycanda keçirilən parlament seçkiləri zamanı seçki məntəqələrində səsvermə prosesinin yüksək səviyyədə təşkilini qeyd edib: “Mən seçki məntəqələrində səsvermənin təşkilini qeyd etmək istərdim. Məntəqənin bütün aspektləri yüksək səviyyədə hazırlanıb. Bunu həm əyani materiallardan, həm də öz müşahidəçilərinin namizədliyini irəli sürmüş siyasi təşkilatların nümayəndələri ilə ünsiyyətdə olanda görmək olar”.

Yatskinin sözlərinə görə, məntəqənin açılmasını müşahidə etdiyi ərazidə bütün lazımi şərait də yaxşı təşkil olunub. O əlavə edib: “Artıq səhər saatlarından insanlar həvəslə, fəal həyat mövqeyi ilə bugünkü seçkilərə səs verməyə hazırlaşırlar. Hesab edirəm ki, seçkilər Azərbaycan xalqının öz seçimini etmək üzrə ümumi ruhunu nümayiş etdirəcək”.

Andrey Yatskin Azərbaycan ilə Rusiya arasında parlamentlərarası səviyyədə əməkdaşlıq barədə sualı cavablandırarkən deyib: “Bilirsiniz ki, parlamentlərarası əməkdaşlıq liderlərimizin müəyyən etdikləri gündəm əsasında həyata keçirilir. Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət başçıları İlham Əliyev və Vladimir Putinin görüşündə əməkdaşlığın bir çox istiqamətləri müəyyən edilib; kənd təsərrüfatı sahəsi, mədəniyyət, təbiətin mühafizəsi tarixi, Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması. Bütün bu məsələlər Rusiya Federasiyası və Azərbaycan parlamentlərarası komissiyası çərçivəsində də müzakirə olunur. Komissiyanın son iclası iyun ayında Moskvada keçirilib, növbəti iclas isə Bakıda olacaq. Biz bunu strateji müttəfiqlər arasında çox fəal və səmərəli əməkdaşlıq kimi qiymətləndirə bilərik. Onlar buraya öz səlahiyyətlərini yerinə yetirmək üçün gəliblər. Mərkəzi Seçki Komissiyasında, Konstitusiya Məhkəməsinin sədri ilə, eləcə də Xarici İşlər Nazirliyində çoxlu görüşlərimiz oldu. Seçki məntəqələrində də olduq. Bizim vəzifəmiz Azərbaycan parlamentinə seçkilərin müşahidəsi ilə bağlı yekun rəy hazırlamaq və müvafiq nəticələrin çıxarılması üçün onu milli orqana təqdim etməkdir”, - deyə Andrey Yatskin fikirlərini yekunlaşdırıb.

Xəbər lenti