Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da növbədənkənar parlament seçkilərinə start verilib. Muxtar respublikada seçkilər Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə keçirilir.
Xezerxeber.az xəbər verir ki, Naxçıvan Tibb Kollecində yerləşən, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı seçki məntəqəsi və Ali Məclisə seçkilər üzrə 28 saylı seçki dairəsinin 3 saylı seçki məntəqəsində proses qanunamüvafiq həyata keçirilir. Saat 07:50-də məntəqə seçki komissiyalarının sədrləri seçki məntəqəsini açıq elan edib, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə boş seçki qutularını göstərib onları kilidləyir və saat 08:00-da səsvermənin başlandığını bildirib.
Hər iki məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb.
Qeyd edək ki, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 44 məntəqə fəaliyyət göstərir. Bu dairədə seçicilərin sayı 46 min 857 nəfərdir ki, bunlardan 503-ü ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək. Dairənin 10, 12, 15 və 17 saylı məntəqələrində veb-kameralar quraşdırılıb. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar 7 deputatlığa namizəd qeydə alınıb.