Xəzər Xəbər

Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb

Gündəm | 08:01 • 1 Sentyabr 2024
Azərbaycanda parlament seçkilərində səsvermə başlayıb

Sentyabrın 1-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər başlayıb.

Xezerxeber.az xəbər verir ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilir.

Bu məntəqələrdən 54-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir və orada səsvermə hüququna malik 42 mindən artıq seçici var. Məntəqələrdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 6 milyon 516 min 567 seçki bülleteni paylanılıb.

Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparır. Onlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Milli Məclisə seçkilərlə əlaqədar 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bu müşahidəçilər 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir.

Səsvermənin şəffaflığını təmin etmək üçün bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.azwww.cec.gov.azwww.infocenter.gov.az) qoşulub.

Səsvermə günü saat 10:00-da, 12:00-da, 15:00-da, 17:00-da və 19:00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq.

Səsvermə saat 19:00-da başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar